Ana dilimiz-milli kimliyimiz

“Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”

Dil insanı digər canlılardan fərqləndirən, Tanrı tərəfindən insana verilən ali nemətdir. Bu baxımdan dilin qorunması və təbliğ olunması hər birmiz üçün ən ali missiyadır. Dil, eyni zamanda xalqları, millətləri bir-birindən fərqləndirən əsas cəhətdir. Bu baxımdan dil həm də insanın milli kimliyini təsdiq edən əsas faktordur. Buna görə də artıq hər birimizin beynindən təbii şüar olaraq formalaşıb ki, Ana dilimiz bizim milli kimliyimizdir. Yenidən müstəqillik əldə etdikdən sonra yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında danışarkən deyib ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir: “Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Şəkil: © “AzEdu.az” Təhsil Portalı

Şəkil: © Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı
Şəkil: © Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, “Natəvan” Azərbaycan həftəsonu məktəbində
Şəkil: © AZƏRTAC
Şəkil: ©  Trend informasiya agentliyi
Şəkil: © AZƏRTAC

Ana dilimiz bizim toxunulmaz sərvətimizdir.

Bu gün xaricdəki bir çox azərbaycanlı uşaqların dilimizi bilmədən böyümələri ciddi narahatlıq doğurur. Nəzərə çatdıraq ki, bu məsələ ilə bağlı Prezident İlham Əliyev dəfələrlə xaricdəki soydaşlarımza cağırış edib.

Ölkə başçısı 2022-ci ilin aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında xaricdə yaşayan soydaşlarımız haqqında danışarkən deyib: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır”. Prezident xüsusi olaraq ana dilinin əsas amil olduğunu və ana dilinin bütün Azərbaycan vətəndaşlarını birləşdirdiyini vurğulayıb.

Şəkil: © Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi də Azərbaycan dilinin xaricdə tətbiqi və ədəbi dil normalarının qorunması istiqamətində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bizmlə söhbətində bu istiqamətdə Mərkəz tərəfindən aparılan monitorinqlərdən danışıb. Sevinc Əliyeva deyib ki, həmvətənlərimizi narahat edən məsələlərdən biri də xaricdəki azərbaycanlı ailələrdə böyüyən uşaqlara dominant dilin təsiri məsələsidir:

“Bu təsiri azaltmaqdan ötrü Azərbaycan dilinin, yəni doğma dilin təbliği və tədrisi üçün nə edə bilərik, hansı addımları ata bilərik, deyə düşünürük. Biz Misirə,Polşaya və Yunanıstana səfər zamanı müəyyən vəsaitlər aparmışdıq. Azərbaycan dilinin tədrisi ilə bağlı hədiyyə etdiyimiz dərsliklər və disklərin həm orada yaşayan azərbaycanlılar, həm də Azərbaycan dilini öyrənən əcnəbi vətəndaşlar üçün çox faydalı olacağını düşünürük. Eyni zamanda məlumat üçün deyim ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən hazırlanan və Mərkəzin əməkdaşı Kəmalə Mustafayevanın təqdimatında “Redaktor”verilişi Real FM radiosunda yayımlanır.

Verilişdə 5 rubrika təqdim olunur, onlardan biri də “Qiraət dəqiqələri” rubrikasıdır. Monitorinq Mərkəzinin saytında və səhifələrində bütün bunlarla əyani tanış ola bilərsiniz. Tanınmış yazıçılarımızın əsərlərinin səsləndirildiyi müxtəlif audiodisklər hazırlanmışdır. Həmçinin azyaşlı uşaqlar üçün nəzərdə tutulan “Nağıllar aləmi” adlı audiodisklərimiz də çox maraqlı və faydalıdır.Bu, həmin ailələrdə böyüyən uşaqlara ana dilini öyrənməyə kömək edəcəkdir. Bundan əlavə, müxtəlif səviyyələrdə “Ana dili”, “Azərbaycan dili” dərsliklərinin hazırlanması, xaricdəki soydaşlarımız üçün doğma dil mühiti yaratmaq məqsədilə yay məktəblərinin təşkil və digər məsələlərin də həyata keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə işlər görülür”.

Şəkil: © Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi

Biz diasporla əməkdaşlıq edirik!

Sevinc Əliyeva xaricdə yetişən gənc nəslin dilimizi mənimsəməsi üçün diasporla əməkdaşlığı haqqında da məlumat verib: “Əlbəttə, biz diasporla əməkdaşlıq edirik. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirmişik. Soydaşlarımızla ünsiyyətdə olmaq, onlarla rahat görüşmək üçün azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyi düşünürük. Xaricdə yaşayan gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, Azərbaycanımızın, doğma dilimizin, mədəniyyətimizin təbliği yönündə bütün imkanlardan istifadə edərək ümumi işimiz və ideyalarımızın həyata keçirilməsi üçün əməkdaşlığı daha da genişləndirəcəyik”.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, necə deyərlər, dilimizə sevgi ilə yola çıxıb. Bu mövzuda keçirilən beynəlxalq tədbirlərdə müxtəlif ölkələrdə yaşayan soydaşlarımız iştirak edir. Həmin tədbirlər zamanı həmvətənlərimizin yaşadıqları ölkələrdə Azərbaycan dilinin qorunması və tətbiqi, eləcə də mədəniyyətinin təbliği istiqamətində gördükləri işlərdən bəhs edilir, bu istiqamətdəki problemləri səsləndirilir.

Cavid Şahverdiyev

Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Şəkil: © Binəqədi rayonunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim, doğma dilim” adlı tədbiri.