

Ana dilini qoruyaq və inkişaf etdirək!
Diaspor üzvləri ilə ana dilinin əhəmiyyəti, qorunma yolları və şəxsi təcrübələri mövzusunda davamlı layihələr keçirilməlidir.
Hər bir xalqın milli kimliyini, tarixini və mədəni irsini qoruyan ən vacib sərvətlərdən biri ana dilidir. Əsrlər boyu inkişaf edən Azərbaycan dili zəngin ədəbi və mədəni irs yaratmış və millətin düşüncə tərzini və dünyagörüşünü ifadə etməyin əsas vasitəsinə çevrilmişdir. Azərbaycan dövlətinin ana dilini qorumaq və inkişaf etdirmək üçün həyata keçirdiyi siyasət milli və mənəvi dəyərlərin qorunmasına yönəlmiş əsas fəaliyyət sahələrindən biridir. Müasir qloballaşma və miqrasiya prosesləri fonunda ana dilinin qorunması məsələsi dünya miqyasında aktual problemlərdən birinə çevrilmişdir. Xüsusilə diaspor üzvləri üçün bu problem daha kəskin xarakter daşıyır.
Şəkil: © “AzEdu.az” Təhsil Portalı
Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ana dilinin qorunmasının vacibliyini vurğulayıb. 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev deyib ki, bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir: “Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir”. Bu baxımdan xaricdə yaşayan azərbaycanlılar, xüsusən gənclər arasında ana dilinin qorunması, inkişaf etdirilməsi və təbliğini təşviq edən maarifləndirici tədbirlərin görülməsi hər zaman aktul və zəruridir. Ən önəmlisi xaricdə azərbaycanlı gənclərin milli düşüncəsinin inkişaf etdimək və ana dilinə sevgisini artırmaqdır. Bunda da məqsəd qloballaşma və assimilyasiya şəraitində milli kimliyin əsas elementi olan Azərbaycan dilinə marağı artırmaq və onun gündəlik istifadəsini stimullaşdırmaqdır.
Şəkil: © Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı


Doğma Vətəndən uzaqda yetişən gənc nəsilin Azərbaycana bağlı olması xüsusilə önəmlidir.
AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri filologiya elmlər doktoru, professor Sevinc Əliyeva özəl olaraq layihə üçün bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ilk dəfə bir araya gətirmək təşəbbüsü ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür: “Doğma Vətəndən uzaqda yetişən gənc nəsilin Azərbaycana bağlı olması xüsusilə önəmlidir. Qeyd edək ki, hazırda dünyanın müxtəlif ölkələrində yüzlərlə məktəb fəaliyyət göstərir. Bu məktəblərdə uşaqlarımıza Azərbaycan dili, mədəniyyəti, tarixi və ənənələri öyrədilir. Bundan başqa, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsini həyata keçirir. Bu layihə sayəsində ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız Azərbaycan dilini onlayn şəkildə öyrənə bilirlər”.
Şəkil: © Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi
“Xaricdə yaşayan uşaqlara keçirilən dərslərin metodikası mütləq fərqli olmalıdır”
Professor Sevinc Əliyeva qeyd edib ki, bu sahədə hələ görüləsi işlərimiz çoxdur: “Diaspor nümayəndələri ilə görüşlərimizdə onların narahat edən məsələləri dinləyir, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atmağa çalışırıq. Ən önəmli məsələlərdən biri isə həftəsonu məktəblərində peşəkar müəllimlərin çatışmazlığıdır. Təəssüf ki, bu məktəblərin bir çoxunda ya ixtisasca müəllim olmayan şəxslər, ya da evdar qadınlar dərs keçirlər. Bu isə tədrisin keyfiyyətinə təsir göstərir. Ona görə də qarşıda duran əsas vəzifələrdən biri peşəkar müəllimlərin hazırlanması, onların xaricdə fəaliyyət göstərən məktəblərə cəlb olunmasıdır.
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır ki, xaricdə yaşayan uşaqlara keçirilən dərslərin metodikası mütləq fərqli olmalıdır. Çünki yad dil mühitində böyüyən və təhsil alan bu uşaqların üzərində dominant dilin təsiri çox güclüdür. Ona görə də dərs prosesində auditoriyanın xüsusiyyətləri nəzərə alınmalı, xüsusi metodika hazırlanmalıdır. Bu metodika sadə, aydın və uşaqların gündəlik həyatına uyğunlaşdırılmış olmalı, həm oyunvari, həm də interaktiv üsullardan geniş istifadə edilməlidir. Eyni zamanda, vizual materiallar, audio-videodərslər və müasir texnologiyaların tətbiqi uşaqların ana dilinə marağını artırmaq üçün mühüm vasitələrdir. Beləliklə, xaricdəki soydaşlarımızın övladları üçün hazırlanacaq dərs proqramları yalnız dil öyrətməklə kifayətlənməməli, həm də milli-mənəvi dəyərləri, mədəniyyətimizi və tariximizi uşaqlara sevdirəcək şəkildə qurulmalıdır.
Şəkil: © Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi


Uşaqlarımızın ana dilinə marağını daha da gücləndirə bilərik
Bununla yanaşı, müasir didaktik vəsaitlərin hazırlanması, interaktiv tədris metodlarının tətbiqi və müəllimlərin mütəmadi olaraq ixtisasartırma kurslarına cəlb edilməsi də vacibdir. Yalnız bu yolla biz diaspor məktəblərində tədrisin səviyyəsini yüksəldə, uşaqlarımızın ana dilinə marağını daha da gücləndirə bilərik.
Digər tərəfdən, mövcud dərsliklər və dərs vəsaitləri xaricdəki ana dilinin tədris sisteminə tam uyğun gəlmir. Bu səbəbdən Azərbaycan dilinə aid xüsusi dərslik dəsti hazırlanmalıdır. Belə bir dəst yalnız 3–4 kitabdan ibarət olmamalı, şagirdlərin yaş qrupları nəzərə alınmaqla ən azı 10–12 kitabı əhatə etməlidir. Çünki kitabların sayının çoxluğu müəllimləri həm qrammatik, həm də didaktik materiallarla təmin etmək deməkdir. Yad dil mühitində böyüyən uşaqların qarşılaşdığı əsas çətinliklər — dilimizin spesifik səslərinin düzgün tələffüzü, zəngin lüğət tərkibinin mənimsənilməsi və frazeoloji qatın incəliklərinin dərk olunmasıdır. Buna görə də xaricdə yaşayan övladlarımız üçün xüsusi metodik yanaşma ilə hazırlanmış dərsliklər zəruridir. Bu dərsliklər həm dil öyrənməni asanlaşdırmalı, həm də uşaqlarda milli-mənəvi dəyərlərə bağlılığı gücləndirməlidir. Eyni zamanda, müasir vizual materiallar, interaktiv tapşırıqlar və audio-videodərslərlə zənginləşdirilmiş dərsliklər hazırlanarsa, onların ana dilinə marağı daha da artar”.
Şəkil: © Azərbaycan Müəllimi rəsmi internet saytı
“Ana dilinin qorunması və təbliğində müasir texnologiyaların imkanlarından səmərəli istifadə etmək daha uğurlu nəticə verə bilər”
O, son illərdə bu istiqamətdə müəyyən praktik addımların atıldığını deyib: “Belə vəsaitlərdən biri Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları “Azərbaycan dilini öyrənirik” kitabıdır. 4–6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu vəsait məktəbəqədər yaş dövründə ana dilinin öyrədilməsi baxımından mühüm metodik əhəmiyyət daşıyır. Kitabın əsas məqsədi ölkəmizdə və xaricdə yaşayan azyaşlı uşaqlarda Azərbaycan dilinə maraq yaratmaq, onlarda ilkin ünsiyyət bacarıqları formalaşdırmaq və milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirməkdir. Kitabda uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq mövzular əsasən şəkillər üzərində qurulmuş, sadə söz və ifadələr, gündəlik ünsiyyət modelləri, şeirlər və interaktiv tapşırıqlardan istifadə edilmişdir. Kitabın diqqətçəkən xüsusiyyətlərindən biri də “Dinləyək və öyrənək” rubrikasıdır. Burada Azərbaycan şairlərinin şeirləri QR kod vasitəsilə audioformatda təqdim olunur ki, bu da uşaqlarda düzgün tələffüz və dinləmə bacarıqlarının formalaşmasına xidmət edir.
Şəkil: © Leyla Əliyevanın rəsmi internet səhifəsi


Alena Əliyevanın rəhbərlik etdiyi “Azərbaycan dili” platforması da diqqəti cəlb edir.
Azərbaycan dilinin qorunması və onun müasir rəqəmsal mühitdə daha fəal şəkildə təbliği istiqamətində həyata keçirilən layihələr sırasında Alena Əliyevanın rəhbərlik etdiyi “Azərbaycan dili” platforması da diqqəti cəlb edir. Bu layihənin əsas məqsədi ana dilinin yeni texnologiyaların imkanlarından istifadə edilməklə daha geniş auditoriyaya çatdırılması və xüsusilə gənc nəslin Azərbaycan dilinə marağının artırılmasıdır. Müasir dövrdə qloballaşmanın və xarici dillərin təsirinin gücləndiyi bir şəraitdə belə təşəbbüslər dövlət dilinin qorunması və milli dil şüurunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Platforma bir daha göstərir ki, bu gün ana dilinin tədrisi yalnız çap dərslikləri ilə məhdudlaşmır; interaktiv resurslar, multimedia vasitələri və rəqəmsal tədris imkanları da dilin öyrədilməsi prosesində mühüm rol oynayır.
Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün bu tip rəqəmsal platformaların rolu xüsusilə böyükdür. Çünki müasir dövrdə uşaqlar informasiyanı daha çox vizual vasitələr və elektron mühit üzərindən mənimsəyirlər. Audio mətnlər, interaktiv tapşırıqlar, oyun elementləri və videodərslərlə zənginləşdirilmiş layihələr uşaqların həm dilə marağını artırır, həm də öyrənmə prosesini daha asan və cəlbedici edir. Belə resurslar vasitəsilə uşaqlarda Azərbaycan dilinə yalnız ünsiyyət vasitəsi kimi deyil, həm də milli kimliyin bir hissəsi kimi yanaşma formalaşır. Bu isə göstərir ki, ana dilinin qorunması və təbliği artıq təkcə ənənəvi dərs metodları ilə deyil, müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməklə daha uğurlu nəticə verə bilər”.
Şəkil: © Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Xaricdəki azərbaycanlı uşaqların Vətənə bağlılıq, milli kimlik və mədəni mənsubiyyət hissini necə gücləndirmək olar?
Professor Sevinc Əliyevanın fikrincə, xaricdə yaşayan azərbaycanlı uşaqların Azərbaycanla canlı əlaqələrinin gücləndirilməsi də mühüm məsələlərdən biridir: “Xüsusilə onların mütəmadi olaraq Azərbaycana gəlməsi, burada təşkil olunan yay məktəblərində, dil düşərgələrində və mədəni layihələrdə iştirak etmələri ana dilinin daha təbii mühitdə mənimsənilməsinə böyük təsir göstərər. Belə proqramlar uşaqlarda yalnız dil bacarıqlarını inkişaf etdirmir, eyni zamanda onlarda Vətənə bağlılıq, milli kimlik və mədəni mənsubiyyət hissini də gücləndirir. Azərbaycan dilini gündəlik ünsiyyət mühitində eşitmək, yaşıdları ilə ana dilində ünsiyyət qurmaq və milli-mədəni tədbirlərdə iştirak etmək onların dilə marağını daha da artırır.
Eyni zamanda, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının nəzdində uşaq danışıq klubları, kitab saatları və teatr dərnəklərinin yaradılması faydalı olardı. Azərbaycan dilində cizgi filmlərinin, uşaq verilişlərinin və elektron kitabların sayının artırılması da mühüm addımlardan biridir. Bundan başqa, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı uşaqlar arasında onlayn dil olimpiadalarının, şeir və hekayə müsabiqələrinin keçirilməsi onların ana dilinə marağını stimullaşdıra bilər. Xaricdə yaşayan uşaqlar üçün xüsusi sertifikat proqramlarının və səviyyə imtahanlarının hazırlanması da onların Azərbaycan dilini daha sistemli şəkildə öyrənməsinə şərait yaradar. Belə tədbirlərin kompleks şəkildə həyata keçirilməsi xaricdə yaşayan gənc nəslin Azərbaycan dili ilə əlaqəsini möhkəmləndirər və gələcəkdə milli-mədəni kimliyimizin qorunmasına mühüm töhfə verər”.
Şəkil: © Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti


“Azərbaycan dilinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə inkişafı kompleks yanaşma tələb edən bir prosesdir”
Azərbaycan Universitetinin müəlliməsi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva uzun müddət Özbəkistan təhsil müəssisələrində Azərbaycan dilini təbliğ edib. Layihə çərçivəsində Mətanət Xudiyeva öz fikirlərini açıqlayaraq deyib ki, Azərbaycan dilinin xaricdə təbliği və inkişafı son illərdə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan dilinin beynəlxalq aləmdə təbliğində dost və qardaş ölkələrlə əməkdaşlıq xüsusi yer tutur. Özbəkistan universitetlərində Azərbaycan dili və ədəbiyyatına marağın artması bunun bariz nümunəsidir. Mənim Özbəkistanın müxtəlif ali təhsil müəssisələrində fəaliyyətim də bu prosesin bir hissəsi kimi dəyərləndirilə bilər. Tələbələrə Azərbaycan dilinin tədrisi, mədəniyyətimizin və ədəbiyyatımızın tanıdılması istiqamətində keçirilən mühazirələr, seminarlar və mədəni tədbirlər böyük maraqla qarşılanırdı. Xüsusilə qeyd olunmalıdır ki, oradakı tələbələr Azərbaycan dilinə yalnız akademik maraq göstərmir, eyni zamanda dilimizə və mədəniyyətimizə səmimi sevgi bəsləyirlər. Onlar Azərbaycan ədəbiyyatını oxumağa, musiqisini dinləməyə, milli adət-ənənələrimizi öyrənməyə böyük həvəs göstərirlər. Bu maraq və sevgi dərslərdə canlı müzakirələrdə, mədəni tədbirlərdə fəal iştirakda və Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq istəklərində aydın şəkildə özünü göstərirdi. Gənclər arasında Azərbaycan dilinə və ölkəmizə olan marağın artması gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu fəaliyyətimi yalnız dil öyrətmək deyil, eyni zamanda xalqlar arasında mənəvi körpülər qurmaq missiyası kimi də dəyərləndirmək olar”.
Şəkil: © Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azərbaycan dili bu gün təkcə milli kimliyimizin əsas göstəricisi deyil, həm də dünya xalqları ilə ünsiyyət qurmaq üçün güclü bir vasitəyə çevrilməkdədir.
Mətanət Xudiyevanın sözlərinə görə, Azərbaycan dilinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə inkişafı kompleks yanaşma tələb edən bir prosesdir: “Dövlət siyasəti, beynəlxalq əməkdaşlıq və təhsil sahəsində aparılan məqsədyönlü fəaliyyətlər bu istiqamətdə mühüm nəticələr verməkdədir. Azərbaycan dili bu gün təkcə milli kimliyimizin əsas göstəricisi deyil, həm də dünya xalqları ilə ünsiyyət qurmaq üçün güclü bir vasitəyə çevrilməkdədir”.
Ana dilinin diaspor şəraitində qorunması və inkişaf etdirilməsi üçün kompleks və davamlı yanaşma tələb olunur. Bunun üçün diaspor üzvləri ilə ana dilinin əhəmiyyəti, qorunma yolları və şəxsi təcrübələri mövzusunda davamlı layihələr keçirilməlidir. Bunla yanaşı, ana dilinin qorunması ilə bağlı uğurlu ailə və fərdi nümunələr vasitəsilə digər şəxslərin motivasiya olunmasına gətirib çıxaracaq addımlar atılmalıdır. Çünki ailə daxilində dil mühitinin qorunması vacibdir. Bunun üçün valideynlər uşaqlarla ana dilində ünsiyyətə təşviq edilməlidir. Bütün halarda xaricdəki soydaşlarımzı arasında ana dilinin qorunmasına kompleks yanaşma təmin edilməlidir.
Şəkil: © Leyla Əliyevanın rəsmi internet səhifəsi
